main-post-cover

    Erkən kainatın ən sürətli şəkildə böyüyən qara dəliyi kəşf edilib!

    Elm & Texnologiya
    06.11.2024
    Farid Pardashunas

         Astronomlar erkən kainatın ən sürətlə qidalanan qara dəliyini müəyyən ediblər. LID-568 adlandırılan və 7.2 milyon Günəş kütləsinə sahib olan bu qara dəlik, Eddington həddinin 40 qatı bir sürətlə maddə ilə qidalanır.

         Eddington həddi haqqında məlumatı olmayanlar üçün qeyd edək ki, bu hədd, astronomiyada və astrofizikada bir ulduzun və ya digər göy cisminin cazibə qüvvəsi ilə radiasiya təzyiqi arasındakı tarazlığı ifadə edir. Bu hədd, adını ingilis astrofizik Sir Arthur Eddington-dan alır və qara dəliklərin maddə yığma sürətini müəyyən edən mühüm məhdudlaşdırıcıdır.
         Qara dəliklər ətraflarındakı qaz və maddəni çəkərək böyüyürlər, lakin maddələr sürətlə qara dəliyə düşərkən böyük miqdarda radiasiya da yaranır. Eddington həddi, bu radiasiya təzyiqinin qara dəliyin cazibə qüvvəsini tarazladığı nöqtəni bildirir. Bu hədd aşılarsa, radiasiya təzyiqi o qədər yüksək olur ki, yeni maddələr qara dəliyə doğru çəkilmək əvəzinə xaricə itələnir.
         Ancaq maraqlısı budur ki, LID-568 adlanan qara dəlik bu tarazlığı aşaraq maddəni həddin tam 40 qat sürəti ilə udur. Bu sürətlə böyüyən qara dəlik, James Webb Kosmik Teleskopu tərəfindən köhnə məlumatlar üzərində aparılan bir araşdırmada qalaktika nümunələri arasında aşkar edilib. Bu qalaktikalar optik və yaxın infraqırmızı spektrumda görünməzdirlər, lakin X-şüa spektrumunda olduqca parlaq şəkildə müşahidə edilirlər. Webb-in unikal infraqırmızı aşkarlama gücü sayəsində bu sönük obyektlər müşahidə olunub. Aparılan müşahidələrdə LID-568 güclü X-şüa yayılımı ilə diqqət çəkib.
         LID-568-in dəqiq yerini müəyyən etmək, adi X-şüa müşahidələri ilə mümkün olmadığından, Webb-in NIRSpec cihazındakı tamlaşdırılmış sahə spektroqrafından istifadə edilib. Araşdırmada iştirak edən Dr. Emanuele Farina deyib: "Solğun təbiəti səbəbindən, LID-568-in müəyyən edilməsi Webb olmadan mümkün olmazdı".
         Bu qeyri-adi kəşf, super kütləli qara dəliklərin kiçik qara dəlik "toxumlarından" necə böyüdüyünə dair yeni ipucları verir. Beynəlxalq Gemini Rəsədxanasından Dr. Hyewon Suh, bu kəşfi belə dəyərləndirib: "Eddington həddini aşaraq böyüyən bir qara dəliyin kəşfi, qara dəliyin istər yüngül, istər ağır bir toxumdan başlasın, kütləsinin böyük bir hissəsini tək bir sürətli qidalanma prosesində əldə edə biləcəyini göstərir". LID-568-in güclü enerji çıxışlarının, həddindən artıq udum nəticəsində yaranan enerjini sərbəst buraxaraq sistemin həddindən artıq qeyri-sabit vəziyyətə düşməsinin qarşısını ala biləcəyi düşünülür. Alimlər, qara dəliklərin Eddington həddini necə aşdığını anlamaq üçün gələcəkdə Webb ilə əlavə müşahidələr aparmağı planlaşdırırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Dünyanın ilk “taxta” peyki kosmosa buraxılıb!
    dunyanin-ilk-taxta-peyki-kosmosa-buraxilib
    NASA, yerdən 24.3 milyard kilometr uzaqlıqdakı Voyager 1-dən mesaj alıb!
    nasa-yerden-243-milyard-kilometr-uzaqliqdaki-voyager-1-den-mesaj-alib
    Araşdırmalara görə, Uranın peyki Mirandanın səthinin altında okean mövcud ola bilər!
    arasdirmalara-gore-uranin-peyki-mirandanin-sethinin-altinda-okean-movcud-ola-biler
    NASA insanlı Ay missiyası üçün eniş zonalarını müəyyənləşdirib!
    nasa-insanli-ay-missiyasi-ucun-enis-zonalarini-mueyyenlesdirib
    Marsın bəzi bölgələri həyatı dəstəkləyəcək şəraitə sahib ola bilər!
    marsin-bezi-bolgeleri-heyati-destekleyecek-seraite-sahib-ola-biler